Tarix: 02.06.2024 / 14:25
14 ölkənin iştirakı ilə   Beynəlxalq Həmrəylik Təşkilatı təsis edildi

14 ölkənin iştirakı ilə Beynəlxalq Həmrəylik Təşkilatı təsis edildi

1 iyun 2024-cü ildə Beynəlxalq Həmrəylik Təşkilatı təsis olunub. 14 ölkə üzrə kordinatorları olan Beynəlxalq Həmrəylik Təşkilatının yaradılmasında əsas məqsəd dünyada gedən proseslər və qlobal problemlərlə bağlı müzakirələr təşkil etmək, beynəlxalq əməkdaşlığı genişləndirmək, bəşəriyyəti narahat edən məsələlərə münasibət bildirmək, təklif, tövsiyyə, bəyanatla çıxış etmək, ictimai rəy formalaşdırmaqdır.

Diaspora.TV xəbər verir ki, onlayn formatda keçirilən tədbirə BHT-nin kordinatorları - Azərbaycandan Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü, Əməkdar müəllim Aydın Allahverdiyev, Rusiyadan Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, “Çinar” Azərbaycanlıların Milli-Mədəni Mərkəzinin sədri Xeyransa Mirzəyeva, Kanadadan CCBST kollecinin professoru, “Paradiqma” Elm və Mədəniyyət Araşdırmalar Mərkəzinin drektoru Elsevər Səmədov, Tacikistandan Azərbaycan-Tacikistan Cəmiyyətinin sədri Şahəddin Əzimov, Gürcüstandan “Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova, Belçikadan politoloq Aynur Bəşirova, Özbəkistandan Azərbaycan icmasının rəhbəri Mehriban Rəhimova, Polşadan diaspora fəalı Sevda Qazıyeva qatılıb.

Tədbirdə İsveçdən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev, Almaniyanın hakim Sosial-Demokrat Partiyasının üzvi, “Bakı-Nürnberg” Mədəniyyət və Təhsil Mərkəzi İdarə Heyətinin sədri, texnika elmləri doktoru Yaşar Musayev, Türkiyədən Ankara Qazi Universiteti magistri Fidan Hüseynova, Azərbaycandan iqtisadçı ekspert Elmir Mehdiyev də qonaq qismində iştirak ediblər.

Beynəlxalq Həmrəylik Təşkilatının Azərbaycan üzrə kordinatoru Mübariz Göyüşlü çıxışında 2023-cü ilin yanvarından beynəlxalq ictimaiyyəti narahat edən bir sıra mövzularda (iqtisadiyyat, ekologiya, təhlükəsizlik, sülh və s.) konfrans, görüş, müzakirələr təşkil etdiklərini, çalışmaları genişləndirmək üçün virtual platformada həmrəylik qrupu olaraq bir araya gəldiklərini qeyd edib. M.Göyüşlü 2023-cü ildən fəaliyyətə başlayan beynəlxalq platformanın 1 iyun 2024-cü ildə Beynəlxalq Həmrəylik Təşkilatının yaradılmasıyla nəticələnəcəyini gözləmədiklərini, görülən işlərin bu prosesi təbii şəkildə yetişdirdiyini vurğulayıb. Bu platformada əməkdaşlıq edən dünyanın 30-a yaxın ölkəsindən nüfuzlu ziyalıların təklifi və dəstəyilə Beynəlxalq Həmrəylik Təşkilatını təsis etmək qərarına gəldiklərini deyən M.Göyüşlü qlobal problemlərin həllinə töhfə verməyə çalışacaqlarını, təklif və tövsiyyələrlə çıxış edəcəklərini, həmçinin ölkələr üzrə təşkilatlanmanı genişləndirəcəklərini bildirib.

Beynəlxalq Həmrəylik Təşkilatının Azərbaycan üzrə kordinatoru Aydın Allahverdiyev, Kanada üzrə kordinatoru Elsevər Səmədov çıxışlarında qurumun yaradılmasının əhəmiyyətindən, görülməsi vacib olan məsələlərdən, perspektiv imkanlardan və s. bəhs ediblər.

Daha sonra təşkilatın təsis edilməsi, altı ölkə üzrə (Fransa, Belçika, Özbəkistan, Polşa, İngiltərə, Belarus) koordinatorlarının təsdiq edilməsi, qarşıdakı həftələrdə təşkilati çalışmaların genişləndirilməsi qərarlaşdırılıb.

Qeyd edək ki, Beynəlxalq Həmrəylik Təşkilatının 14 ölkə - Azərbaycan, Türkiyə, Pakistan, Rusiya, Kanada, Gürcüstan, Qazaxıstan, Tacikistan, Fransa, Belçika, Polşa, Özbəkistan, Belarus, İngiltərə üzrə kordinatorları fəaliyyət göstərir. BHT təmsilçiləri çalışmaları genişləndirməyi, ölkələr üzrə dövlət və ictimai təşkilatlarla əməkdaşlıq etməyi, təşkilatlanmağı planlaşdırıblar.


Şərhlər

Yaz...