Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür. Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yoluna ANS-in gözü ilə nəzər salaq.

Onun haqqında söz düşəndə ilk olaraq elmi titulları sadalanır. Bəli, Zərifə Əliyeva Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, keçmiş SSRİ-nin ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının Averbax adına mükafatın ilk qadın sahibi və daha onlarla neçə belə titulların, yüzlərlə elmi əsərin müəllifidir. Amma onun 62 illik ömrünə həm də böyük siyasətçinin həyat yoldaşı, Azərbaycanın dövlət başçısının anası, ölkənin birinci xanımının qayınanası, qayğıkeş nənə və neçə insana gözünün nurunu qaytarmış fədakar həkim olmağa qədər böyük pay düşmüşdü. Zərifə Əliyeva ilk sovet aftalmoloqu olur. Yüksək elmi dərəcələri, cəmiyyətdəki statusuna baxmayaraq Zərifə Əliyeva olduqca sadə və əlçatan insan olub. Heydər Əliyevin siyasi həyatının ən mürəkkəb dönəmlərində onun ən sadiq yoldaşı, sirdaşı olub. Onların möhkəm, sadiq və ömürlük etibar üzərində qurulan münasibətləri sona qədər davam etdi.

Zərifə Əliyevanın dünyadan getməsi Heydər Əliyev kimi dəmir iradəli şəxsin üzüntüsü, kədəri və göz yaşlarına səbəb oldu. 1985-ci il aprel 17-də Moskvanın Novo-Deviçye qəbiristanlığında Zərifə Əliyevanın hələ soyumamış məzarının baş ucundakı gül əklilinin lentinə bu sözlər yazılmışdı: “Hədsiz dərəcədə sevdiyim əziz və əvəzsiz həyat yoldaşım Zərifə Əziz qızına Heydər Əlirza oğlundan”. Əvəzsiz ömür yoldaşını yad torpaqlarda buraxmayan Heydər Əliyev 1994-cü ildə Zərifə Əliyevanın cənazəsini Bakıya gətizdirərək Bakının Fəxri Xiyabanında atası Əziz Əliyevin yanında torpağa tapşırdı. Gərgin işi və elmi araşdırmalarına baxmayaraq Zərifə Əliyeva diqqət və qayğısını ailəsindən heç vaxt əskik etmədi. Ömrünün axırına kimi həyat yoldaşı, uşaqları, sonra da nəvələrinin qayğısını çəkdi. O, yaxınlarının həyatı ilə yaşayan əsl ailə keşikçisi idi.1985-ci ildə o, öz xəstəliyi haqqında artıq açıq danışırdı. 62 yaşının tamam olmasına cəmi 10 gün qalmış Zərifə Əliyeva dünyadan getməsilə əzizlərinə yaşadacaq üzüntünün dərdini çəkirdi.O, getdi, amma 62 illik ömrünə neçə ömürlərə layiq ən ləyaqətli əməlləri sığışdıra bildi. 

Комментарии